Gənclər Batabat yaylağında ekoloji aksiya keçiriblər

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq gənclərin iştirakı ilə Batabat yaylağı ərazisində ekoyürüş təşkil olunub.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov hər iki qurumun birgə təşkil etdiyi ekoyürüşün məqsəd və hədəfləri haqqında danışıb, proqramdakı fəaliyyətləri diqqətə çatdırıblar. Əlavə olunub ki,  COP29 kimi mötəbər tədbirə ev sahibliyi, "Yaşıl dünya naminə həmrəylik ili", Naxçıvanın "yaşıl enerji zonası" elan olunması, ümumilikdə, ekosistemin qorunması sahəsində həyata keçirilən mühüm və ardıcıl tədbirlər Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə həssas yanaşmasının, qlobal müstəvidən baxışının göstəricisidir. Əlavə olunub ki, gənclərin bu məsələlərə münasibətdə ideya və fəaliyyətləri dəstəklənir, onların iştirakı ilə müxtəlif ekoloji tədbirlər təşkil olunur.

Ekoyürüş “Fərhad evi”ndə yekunlaşıb və yol boyunca əraziyə meşəcinsli ağacların toxumları əkilib. Gənclər həmçinin adıçəkilən tarixi abidəni də ziyarət ediblər.

Qeyd edək ki, gənclərin ekoloji problemlərin həllindəki rolu nəzərə alınmaqla, onların iştirakı ilə müxtəlif konseptli tədbirlər, sosial layihələr icra olunur. Həmin tədbirlər ekoloji problemlərin həlli, cəmiyyətin bu məsələdə maarifləndirilməsi, təbiətə qayğı münasibətinin formalaşdırılması və digər hədəflərə töhfə vermək məqsədinə xidmət edir.